Gəncədə iki piyadanı maşın vurdu: ölən var
16 avqust, 2013 19:39
Gəncədə baş verən yol-nəqliyyat qəzasında bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Gəncə şəhər Baş Polis İdarəsindən ERtv-nin bölgə müxbirinə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Gəncə-Göygöl yolunda baş verib.
Belə ki, Qəbələ rayon sakini, 1987-ci il təvəllüdlü Həmzə Babaşov idarə etdiyi “VAZ- 21124” markalı avtomobillə Gəncə istiqamətində hərəkətdə olarkən iki piyadanı vurub.
Hadisə nəticəsində 1983-cü il təvəllüdlü Ruslan İbrahimov dünyasını dəyişib, 22 yaşlı Hikmət Musazadə isə ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.