Bu ilin 7 ayı ərzində mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 27,2 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
ERtv xəbər verir ki, bu barədə Samuxda keçirilən “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda konfransda İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev məlumat verib.
Dövlət Xidmətinin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Onun sözlərinə görə, 2013-cü ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 41 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1200 yaddaş kitabçası hazırlanaraq paylanıb:
“Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır” - deyə, o əlavə edib.