İsmayil Safi: “Azərbaycan son illər dünyanın önəmli tədbirlərinə ev sahibliyi edir”
Təbii ki, qardaş və dost Azərbaycanda gedən bütün prosesləri yaxından izləyirik. Azərbaycanın Türkiyə və türk xalqı üçün önəmi böyükdür.
Bu sözləri ERtv-yə Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasındakı Türkiyə nümayəndə heyətinin rəhbəri Dr. İsmayil Safi Azərbaycanda seçkiöncəsi vəziyyətlə bağlı sualımızı şərh edərkən deyib.
“Bu gün Azərbaycanda güclü inkişaf müşahidə olunmaqdadır. Mən özüm ildə bir neçə dəfə Azərbaycana gəlirəm və burada baş verən müsbət dəyişiklikləri gözlərimlə görürəm.
Hər səfərimdə yeniliklərə şahid oluram. Bunlar yalnız stabil ölkələrdə baş verə bilər. Çünki Azərbaycanda sabitliyin bərqərar olması Türkiyənin əsas maraq dairəsindən olan prioritet məsələlərdən biridir”-,deyə millət vəkili söyləyib.
İ.Safi hal-hazırda Azərbaycan dünyanın ən sakit və əmin-amanlığın bərqərar olduğu bir məmləkət kimi dəyərləndirib.
“İnsanlar öz ailələri ilə rahat şəkildə küçədə gəzir, alış-verişlərini edirlər. İldə minlərə turist Azərbaycana gəlir və onlar Azərbaycan haqqında geniş bilgilərə sahib olurlar.
Həmçinin, ölkəyə xarici investisiya qoyulur. Ölkənin gəlirləri artmaqdadır. Ən əsası da Azərbaycan son illər dünyanın önəmli mədəni-sosial, iqtisadi-siyasi tədbirlərinə ev sahibliyi edir. Bunlar hamısı Azərbaycanın indiki iqtidarı və cənab Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasətin nəticəsidir.
Bu faktorlar qarşıdan gələn prezident seçkilərində iqtidar partiyasının namizədinin şansını artır və ona əlavə dividentlər gətirir. Hər kəs seçimlərə hörmət etməyi bacarmalıdır. Bu zaman ölkə güclü ola bilər. Qarşıdan gələn seçkilərdə Azərbaycan xalqının üzüağ çıxacağına inanıram”,-deyə İsmayil Safi əlavə edib.