Prezidentliyə namizədliyini irəli sürmüş Ana Vətən Partiyası (AVP) sədrinin keçmiş müavini, parlamentin deputatı Zahid Oruc təşkilatdan xaric edilib.
Bu barədə qərar AVP Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) avqustun 15-də keçirilmiş iclasında qəbul edilib.
Qeyd olunan qərarı ERtv-yə şərh edən AVP sədri, millət vəkili Fəzail Ağamalı keçmiş partiyadaşlarının onlar üçün başqa seçim imkanı saxlamadığını deyib:
“Zahid Oruc bu addımı ilə bizi fakt qarşısında qoydu. Əslində, prezdentliyə namizədliyini irəli sürmək Zahid Orucun konstitusion hüququ olsa da – bu məqam MNTK-nın qərarında da əks olunub – partiyamızın altıncı qurultayının qərarına zidd idi.
Biz çətin seçim qarşısında qaldıq: ya Zahid Orucu partiyadan xaric etməliydik, ya da yenidən qurultay çığırıb, seçkilərlə bağlı qərarımızı dəyişməliydik.
Məsələ MNTK-da müzakirə olundu və Zahid Oruc barəsində belə bir qərarın qəbul edilməsi məqbul sayıldı. Bu, bizim üçün çətin qərar olsa da, dediyim kimi, Zahid Oruc bizə başqa seçim imkanı saxlamadı”.
F.Ağamalı əlavə qdib ki, Z.Oruc MNTK-nın iclasına dəvət olunsa da, gəlməkdən imtina edib:
“Əlbəttə ki, Zahid Orucun MNTK-nın iclasında iştirakını təmin etməyə çalışdıq. Amma təəssüf ki, o, nə zənglərimizə, nə də yazılan mesajlara cavab vermədi”.
Partiyadan xaric olunmasına münasibət bildirən Z.Oruc isə “Qafqazinfo”ya açıqlamasında aşağıdakıları bildirib:
“Buna hörmətlə yanaşıram. Təmkinim, dözümüm daha da artacaq. Hər qoyulmuş nöqtədən sonra yeni cümlə başlayır. AVP-nin qurultayının qərarlarını sistemli şəkildə həyata keçirməyə çağırıram. Milli Məclisin üzvü kimi qaldırdığım problemləri seçki kampaniyası dövründə də qaldıracağam”.