2012/13 mövsümü üçün Türkiyə superkubokunun qalibi bəlli olub.
ERtv xəbər verir ki, son çempion “Qalatasaray” ölkə kubokunun sahibi “Fənərbaxça” ilə üz-üzə gəlib.
Oyun ərzində daha üstün oynayan “Qalatasaray” bir neçə dəfə yüz faizlik qol şansından istifadə edə bilməyib. 63-cü dəqiqədə “Fənərbaxça”nın 10 nəfərlə azlıqda qalmasından sonra təzyiqi daha da artıran sarı-qırmızılılar üstünlüyü tam ələ alıb.
Lakin buna baxmayaraq qələbə üçün lazım olan qol 90 dəqiqə ərzində vurulmayıb və qalib əlavə vaxtda müəyyənləşib.
99-cu dəqiqədə Didye Droqbanın başla vurduğu qol “Qalatasaray”a superkuboku qazandırıb.
Beləliklə “cim-bom” tarixində 13-cü dəfə superkubokun sahibi olub.
Məlumat üçün bildirək ki, bu “Qalatasaray”ın son 10 gündə qazandığı ikinci kubokdur. Belə ki, “cim-bom” ötən həftə Londonda “Arsenal”ı məğlub edərək “Emireyts Kuboku”na sahib olmuşdu.