Avqustun 8-dən 11-dək ABŞ-ın Mayami ştatında keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatının ilk günündə Azərbaycan cüdoçuları möhtəşəm qələbələr əldə edərək 1 qızıl və 1 gümüş medal qazanıblar.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə məlumatı Azərbaycan Cüdo Federasiyası yayıb.
Mayamidə dünyanın 91 ölkəsindən 608 yeniyetmə cüdoçu mübarizə aparır.
Əlli kiloqram çəki dərəcəsində Natiq Qurbanlı bütün rəqiblərindən güclü olaraq komandamıza ilk qızıl medalı qazandırıb. Qızlar arasında isə 40 kiloqram çəki dərəcəsində Leyla Əliyeva yalnız Yaponiya təmsilçisindən geri qalaraq ikinci olmuş və gümüş medala layiq görülüb.
İlk dəfə 2009, daha sonra 2011-ci ildən keçirilən cüdo üzrə yeniyetmələr arasında Dünya Çempionatı artıq 3-cü dəfədir ki, baş tutur. Yeniyetmə cüdoçularımız isə ilk dəfədir ki bu çempionatda medal qazanırlar.
Cari ilin nəticələrinə görə bu Dünya Çempionatı ölkəmiz üçün tarixi qələbələrlə yadda qalacaq.
Digər tərəfdən artıq iki cüdoçumuzun 2014-cü ildə Çində keçiriləcək Yeniyetmələrin Olimpiadasına lisenziya qazanıblar.