Türkiyənin tanınmış sənətçilərindən biri, “Ah Karabağ” mahnısı və klipinin müəllifi olan Başkal ilk dəfə Azərbaycana səfər edəcək.
ERtv-nin məlumatına görə, 11-14 avqust tarixlərində baş tutacaq səfər millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə gerçəkləşəcək.
İlk olaraq Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonuna gedəcək Başkal ön cəbhədə əsgər və hərbiçilərlə görüşdükdən sonra konsert proqramı ilə çıxış edəcək.
Sonra o, Tovuz rayon ictimaiyyəti və Gəncə yaxınlığında Gülüstan qəsəbəsində məcburi köçkünlərlə görüşəcək və onlar qarşısında konsert proqramı ilə çıxış edəcək.
Bundan sonra Başkal Dağlıq Qarabağ istiqamətində ön cəbhə rayonlarımızdan biri olan Tərtər rayonunda əsgər və hərbiçilər, eləcə də rayon ictimaiyyəti üçün də geniş konsert verəcək.
Tanınmış sənətçinin Bakıda R.Behbudov adına Mahnı teatrında şəhid ailələri, qaçqın və məcburi köçkünlər və musiqisevərlər üçün də konsertinin keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, “Ah Karabağ” mahnısı və klipinin müəllifi olan Başkal Türkiyənin tanınmış sənətçilərindən biri olmaqla yanaşı hər zaman Azərbaycana, Qarabağ probleminə, Xocalı soyqırımı mövzusuna həssaslıq göstərmiş bir şəxsdir.
Heç bir zaman Azərbaycanda olmadığı halda Qarabağla, Xocalı soyqırımı ilə bağlı çox təsirli “Ah Karabağ” mahnısını ifa edib, ona çox təsirli bir klip hazırladaraq Türkiyə ictimaiyyətinə təqdim edib.