Eyfel qülləsi bomba həyəcanından sonra yenidən turistləri qəbul etməyə başlayıb.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Fransanın başlıca rəmzlərindən biri olan möhtəşəm Eyfel qülləsi avqustun 9-da boma təhlükəsi barədə anonim zəngdən sonra bağlanıb və turistlər dərhal təhlükəsiz yerə köçürülüb.
Turistləri daha çox cəlb edən və hər il 7 milyondan artıq insanın baş çəkdiyi qüllə bomba həyəcanına görə yerli vaxtla saat 14-də turistlərin üzünə bağlanıb.
Qüllədə aparılan bomba axtarışı bir neçə saat çəkib və telefon zənginin yalan olduğu üzə çıxıb. Kimliyi naməlum olan şəxs zəng edərək, qülləyə bomba qoyulması barədə məlumat verib. Yalnız 4 saatdan sonra qüllə yenidən turistləri qəbul etməyə başlayıb.
Xatırladaq ki, Parisin ən görməli abidələri arasında birinci yeri tutan Eyfel qülləsi hər gün 30 min turist qəbul edir.