Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasındakı münasibətlər yüksək səviyyədədir.
ERtv AzərTAc-a istinadən xəbər verir ki, bu fikir Azərbaycanın BƏƏ-nin Dubay və Şarca əmirliklərindəki baş konsulu Pərviz İsmayılzadə ilə Şarca Əmirliyinin baş prokuroru Raşid Əli Məcid Əl-Omraninin görüşündə ifadə edilmişdir.
Baş konsulluqdan AzərTAc-a bildirmişlər ki, görüşdə P.İsmayılzadə BƏƏ-yə daxil olan əmirliklərlə ikitərəfli əməkdaşlıq əlaqələrinin də sürətlə inkişaf etdiyini diqqətə çatdırmışdır. Diplomat əlaqələrin daha da inkişaf üçün ötən il Azərbaycanın Dubay və Şarca şəhərlərində baş konsulluğunun fəaliyyətə başladığını qeyd etmişdir.
Azərbaycana səfərinin onda xoş təəssürat yaratdığını diqqətə çatdıran R.Əl-Omrani ölkəmizə xüsusi rəğbət hissi bəslədiyini qeyd etmişdir. O, baş konsula diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Görüşdə Şarcaya səfər edən və burada yaşayan həmyerlilərimizin hüquqi müstəvidə üzləşdikləri problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılmışdır. P.İsmayılzadə Şarcada kütləvi şəkildə məskunlaşmış azərbaycanlıların da hüquqlarının qorunması və bərpası istiqamətində Şarca Baş Prokurorluğunun fəaliyyətini yüksək qiymətləndirmişdir.
Həmçinin həmvətənlərimizin hüquqi problemlərinin operativ şəkildə araşdırılaraq həll edilməsi, cinayət məsuliyyətinə cəlb olunmuş vətəndaşlar barəsində məlumat mübadiləsi, vəfat etmiş şəxslərlə bağlı sənədləşdirmə işlərinin sürətləndirilməsi və digər müvafiq sahələrdə baş konsulluqla Şarca Baş Prokurorluğu arasında əməkdaşlıq barədə razılıq əldə olunmuşdur.