İyulun 24-də Qəbələdə start götürən V Beynəlxalq Musiqi Festivalı başa çatıb.
ERtv xəbər verir ki, festivalın iştirakçısı, ABŞ-da, eləcə də Avropada və Asiyada konsertləri olmuş, tanınmış rusiyalı pianoçu Nina Koqan fikirlərini bölüşüb:
“Yaşının az olmasına baxmayaraq Qəbələ festivalı beynəlxalq musiqi arenasında öz layiqli yerini tutub. Qəbələyə gəlməmişdən əvvəl burada keçirilən festivalın əhatə dairəsi haqqında çox az məlumatlı idim. Festivalın belə gözəl bir yerdə və möhtəşəm şəkildə keçirilməsi məni valeh etdi”.
Festivalın təşkilatçılığını yüksək qiymətləndirən Nina Koqan Qəbələyə toplaşan dünyanın məşhur musiqi xadimlərinin iştirakı ilə bir sırada konsert verməyin çox məsuliyyətli olduğunu bildirib.
Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə baş tutur.
YUNESKO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb.