Radikal, barışmaz, qeyri-konstruktiv müxalifətin zorla bir araya gətirildiyi Milli Şuranın təmsilçilərinin “Tbilisi səfəri” bu qurumun, burada birləşən insanların bir daha qeyr-səmimi və qeyri ciddi olduğunu, eyni zamanda, bu gedişlə onların heç zaman uğur qazana bilməyəcəyi həqiqətini ortaya qoymuş oldu.
ERtv xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkiliHüseynbala Mirələmov dilə gətirib.
Onun dediyinə görə, Milli Şurada “birləşən” insanlar, “siyasi qüvvələr” arasında daim ziddiyyətlər, hətta, düşmənçilik səviyyəsinə qalxan “münasibətlər” mövcud olub.
Millət vəkili qeyd edib ki, radikallar arasındakı özündənrazı “siyasi liderlər” həmişə şəxsi, korporativ maraqlarını güdüb, öz şəxsi iddia və ambisiyalarını önə cəkib, heç zaman bir-birilərinə güzəştə getməyib, əksinə məqam düşdükcə bir-birilərinə zərbə vurmağa, badalaq gəlməyə cəhd göstəriblər:
“Yəni, hər biri “siyasi meydanda məndən savayı heç kim olmamalıdır, siyasətdə yalnız mən qalmalıyam” “prinsipi” ilə hərəkət edib”.
H.Mirələmovun eyni zamanda sözlərinə görə, Azərbaycanda maraqları olan bəzi dairələr öz maraqlarını təmin etmək üçün bu insanları bir araya gətirməyə - “Milli Şura çətiri” altında birləşdirməyə çalışsa da, ancaq görünən və əvvəlcədən də bəlli olan o idi ki, bunların sonadək bir yerdə, vahid amal, məqsəd uğrunda addımlaması qeyri-mümkündür.
Millət vəkili bildirib ki, elə son günlər baş verənlər, eks-spiker Rəsul Quliyevlə Müsavat başqanı İsa Qəmbər və onun tərəfdarları, Müsavatla Əli Kərimli və AXCP arasında yaşananlar, ziddiyyətlərin həmin qüvvələrə yaxın mətbuat orqanlarında belə özünü açıq-aşkar göstərməsi, qarşılıqlı ittiham və təhqirlər, Milli Şuranın “vahid namizədi” Rüstəm İbrahimbəyovun gah İsa Qəmbərin, gah Mirmahmud Fəttayevin, gah Lalə Şövkətin namizədliyinin dəstəklənə biləcəyini bəyan etməsi və sair, bütün bunlar hamısı Milli Şura ilə bağlı indiyədək deyilənlərin əyani sübutudur:
“Hamıya bəllidir ki, heç zaman Rəsul Quliyevlə İsa Qəmbərin bir arada olması, biri-digərinə güzəştə getməsi mümkün deyil, hətta, 2003-cü il seçkilərində bu şəxslərin bir-birinə dəstək verməsi gözdən pərdə asmaqdan savayı bir şey deyilmiş. Bunu elə onların son dövrlərdəki açıqlamaları da bir daha sübut edir.
Eyni zamanda, “əbədi müttəfiqlər”in - Əli Kərimli ilə İsa Qəmbərin biri-digərinə güzəştə gedəcəyi baş tutan və alınan məsələ deyil. “Əbədi müttəfiqlər” olmalarına rəğmən, bu şəxslər hər zaman bir-birilərinə nifrətlə yanaşıblar, bir-birilərini qəbul etməyiblər.
Həmçinin, eks-dövlət katibi Lalə Şövkətlə də Müsavat başqanının münasibətləri hər zaman gərgin olub, hətta, deyərdim ki, düşmənçilik səviyyəsində olub. Yəni, indi bundan sonra bu adamların hansı “birliyindən” danışmaq və onların səmimiyyətinə necə inanmaq olar?
Bunlar pis-yaxşı “vahid namizəd” kimi irəli sürdükləri Rüstəm İbrahimbəyovun üzərində axıradək dayana bilmədilərsə, o zaman bir-birilərinə necə güzəştə gedə bilərlər? Ona görə yaxın zamanlarda Millin Şuranın dağılacağı, siyasi səhnədən gedəcəyi gözləniləndir.
Ancaq bununla belə, müxalifət, radikal cinah istəyir bir araya gəlir-gəlsin, istəyir kimin namizədliyi irəli sürür-sürsün, heç bir xeyri yoxdur və olmayacaq. Onlar fiaskoya məhkumdurlar.
Bu, əslində bizi maraqlandırmır və bizim üçün əhəmiyyət kəsb etmir. Bu, onların öz işidir, özləri bilər. Bizim üçün yalnız bir həqiqət var-bu da Azərbaycan xalqının çoxdan öz seçimini etməsidir. Azərbaycan xalqının seçimi də indiki hakim siyasi komanda və ölkə Prezidenti, YAP sədri cənab İlham Əliyevdir”.