Birinci yarım ildə Şahdəniz yatağından 4,8 milyard kub metr (təqribən 169 milyard kub fut) qaz və 1,26 milyon ton (təqribən 10 milyon barel) kondensat və ya gündəlik təxminən 27 milyon kub metr (955 milyon standart kub fut) qaz və 54 800 barel kondensat hasil edilib.
ERtv-nin BP-nin cari ilin birinci yarımillik hesabatına istinadən verdiyi xəbərə görə, 2006-cı ilin sonlarında Şahdənizdə hasilat başlanandan 2013-cü ilin birinci yarısının sonunadək yataqdan bazarlara təqribən 42,7 milyard kub metr (1500 milyard standart kub fut) qaz və 11,3 milyon ton (90 milyon barel) kondensat ixrac edilib.
Şahdənizin hasilat sistemi hazırda özünün gündəlik maksimum gücü olan 966 standart kub fut qaz və 55 000 barel kondensat səviyyəsində çalışır və beləliklə də hasilat bazar tələb etdikdə ən yüksək sabit səviyyədə olur.
Birinci yarım il ərzində Şahdəniz üzrə fəaliyyətlərə $94 milyon əməliyyat xərcləri və $855 milyon əsaslı xərclər çəkilib. Bütün il üçün bu rəqəmlərin müvafiq olaraq $225 milyon və $2 milyard 314 milyon olacağı gözlənilir.
Şahdənizdə iştirak payları: BP (operator – 25,5%), Statoyl (25,5%), ARDNŞ (10%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).