Vaşinqtonda səfərdə olan müdafiə naziri Səfər Əbiyev ABŞ-ın müdafiə katibi Çak Heygellə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektlərinə toxunan nazir S.Əbiyev əlaqələrin qurulmasında və inkişaf etdirilməsində Azərbaycanın praktiki addımlarının xüsusi önəmi olduğunu qeyd edib.
O bildirib ki, ABŞ-la Azərbaycan arasında müdafiə sahəsində bir sıra proqramlar üzrə əməkdaşlığın davam etdirilməsi istiqamətində müsbət nəticələr əldə olunub.
Nazir ölkəsinin 2014-cü ildən sonra da Əfqanıstandakı əməliyyatlara töhfə verəcəyini vurğulayıb və artıq bu niyyətin NATO tərəfindən dəstəkləndiyini həmkarının diqqətinə çatdırıb.
Söhbət zamanı S.Əbiyev beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin birləşdirilməsinin və beynəlxalq koalisiya əməliyyatlarında birgə iştirakın verdiyi töhfələrin əməkdaşlığın möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Avro-Atlantik təhlükəsizliyə töhfə kontekstində Azərbaycanın həyata keçirdiyi işləri qeyd edən S.Əbiyev bu sahədə enerji, nəqliyyat, rabitə və digər regional layihələrin də strateji əməkdaşlığın inkişaf etdirilməsində mühüm faktora çevrildiyini vurğulayıb.
Görüşdə Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət barədə söhbət açan müdafiə naziri bildirib ki, Azərbaycan torpaqları 20 ildir ki, işğal altındadır. ABŞ və beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə münasibətdə beynəlxalq hüquq normalarına əsaslanaraq təcavüzkarla işğala məruz qalan tərəfi fərqləndirmir. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanda 1 milyondan artıq insan öz doğma yurdundan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ancaq çox təəssüf ki, bu günədək beynəlxalq təşkilatlar və aparıcı dövlətlər tərəfindən Ermənistanın işğalçı dövlət olduğu bəyan edilməyib.
Sözünə davam edən S.Əbiyev bu məsələdə 907-ci düzəlişin indiyədək aradan qaldırılmamasının yaratdığı problemləri və bunun ABŞ-ın xarici siyasəti ilə ziddiyyət təşkil etdiyini xüsusi vurğulayıb.
Nazir Dağlıq Qarabağ münaqişəsinin həll edilmədiyi və Azərbaycan torpaqlarının işğaldan azad olunmadığı təqdirdə bütövlükdə regionda gərgin hərbi siyasi vəziyyətin davam edəcəyini amerikalı həmkarının diqqətinə çatdırıb.
ABŞ-ın müdafiə katibi Çak Heygel S.Əbiyevin fikirləri ilə razılaşdığını bildirib və Azərbaycanın dostu olaraq bundan sonra da ölkələrarası strateji əməkdaşlığın inkişaf etdirilməsi və möhkəmləndirilməsinə səy göstərəcəyini vurğulayıb.
Daha sonra nazirlər ölkələr arasında hərbi-texniki əməkdaşlığın istiqamətləri barədə geniş fikir mübadiləsi aparıblar.
Ç.Heygel müdafiə nazirindən Azərbaycan Prezidentinə salamlarını çatdırmasını xahiş edib.
Görüşün sonunda S.Əbiyev Ç.Heygelə Azərbaycana rəsmi səfərə dəvət məktubunu təqdim edib. Ç Heygel dəvəti məmnuniyyətlə qəbul etdiyini bildirib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı