Roma papası cümə günü xristianlıq və İslam arasında “qarşılıqlı hörmət”ə və İslam dininə qarşı yönələn “ədalətsiz tənqid”ə son qoymağa çağırıb.
ERtv Rusiya mətbuatına istinadən xəbər verir ki, papa şəxsi müraciətində bütün dünya müsəlmanlarını “İd əl-Fitr”, yəni Ramazan bayramı münasibəti ilə təbrik edib.
“Biz digər dinlərə, onların alimlərinə, rəmzlərinə və dəyərlərinə də hörmətlə yanaşmağa çağırırıq”, - deyə Vatikanın mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilir.
“Əziz dostlar, mən bütün müsəlmanlar, xüsusilə də dini liderlər üçün hörmət və dostluq ifadəsi olaraq bu ənənəvi müraciəti yazmaq və sizə göndərmək qərarına gəldim. Biz hamımız bilirik ki, qarşılıqlı hörmət istənilən insani münasibətlər üçün, xüsusilə də dini etiqadı olan insanlar arasında əsaslı əhəmiyyətə malikdir”, - deyə o qeyd edib.
Bəyanat bütün dünya müsəlmanlarına ünvanlanıb.