Bu gün Biləcəri stansiyasında 1100 metr yolun əsaslı təmirinə başlanılır və təmir iki gün davam edəcək.
ERtv-nin “Azərbaycan Dəmir Yolları”na istinadən verdiyi xəbərə görə, bununla da dəmir yolunun Bakı-Biləcəri sahəsində 13 iyul 2013-cü ildə startı verilmiş 9 kilometr yolun əsaslı təmiri başa çatacaq.
“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir. Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. MMC-nin baş direktoru Əli Əşrəf Lütfəlibəyovun verdiyi məlumatda bildirilir ki, Dövlət Proqramı çərçivəsində bu günə kimi 262,6 kilometr yol əsaslı təmir olunub, bunun da 191 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.