Siyasəti şouya çevirmək, gündəmdə qalmaq üçün istənilən hərəkətlərə yol vermək bir çox müxalifətçilərin peşəsidir.
Milli Şura və onun prezidentliyə “vahid namizədi” hesab olunan Rüstəm İbrahimbəyov isə bu baxımdan xüsusilə fərqlənir.
Bu fikirləri ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Tahir Rzayev dilə gətirib.
Onun sözlərinə görə, Milli Şuradakılar, ümumən radikallar oyunbazlara xas olan siyasi gedişləri ilə beynəlxalq aləmi təəccübləndirir və gülüş hədəfinə çevrilirlər.
Millət vəkili qeyd edib ki, seçki marafonunda dəstəyi Azərbaycan xalqından yox, Amerikadan, Avropadan, Rusiyadan və başqa ölkələrdən almaq niyyəti ilə meydana atılan Milli Şuranın “başbilənləri” öz arzularını Azərbaycandan kənarda həyata keçirməyə çalışırlar.
T.Rzayevin bildirdiyinə görə, Azərbaycan xalqına sayğısızlıq, hörmətsizlik edən bu insanlar öz hərəkətləri ilə göstərməyə çalışırlar ki, guya Azərbaycanda demokratik abı-hava, insan hüquqlarına hörmət yoxdur, sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılır və sair:
“Buna görə də onları, yəni, Rüstəm İbrahimbəyov kimi “böyük” bir siyasətçinin öz “silahdaşlarını” qonşu dövlətdə - Gürcüstanda ətrafına toplamasını, onlara şou mübarizəsində “ağıllı” yol göstərməsini düzgün və təbii hesab edirəm. Ancaq xalqın iradəsinin, Azərbaycan xalqının və dövlətinin fikirlərinin, mövqeyinin əksinə olan bu hərəkətləri ilə onlar özləri-özlərini gülüş vəziyyətinə salırlar.
Çünki bu gün Azərbaycanda heç bir müxalif qüvvəyə qanunla icazə verilən hər hansı bir toplantı keçirməyə, prezident seçkiləri ilə bağlı fikirlərini, düşüncələrini bildirməyə qadağa qoyulmayıb. İkincisi, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlməsi üçün də təhlükə yoxdur.
O, öz fikirlərini söyləyir və bu da bir çox kütləvi informasiya vasitələrində geniş şərh edilir. Bəs onda Milli Şuranın Gürcüstanda toplanması hansı zərurətdən irəli gəlir? Buna Azərbaycan xalqı yox, siyasəti şouya çevirənlər, düşünülməmiş hərəkətləri ilə beynəlxalq aləmi, ağıllı siyasətçiləri özlərinə güldürənlər daha yaxşı bilirlər.
Ancaq Azərbaycan xalqının bildiyi əsil həqiqət isə xalqının nicatını Azərbaycanın özündə yox, başqalarında, başqa ölkələrdə axtaranlara Azərbaycanda yerin olmaması və belələrinə etimad göstərilməməsidir...”