Qax şəhərindəki “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının gənclər kamera orkestrinin konserti olub.
ERtv-nin bölgə müxbirinin məlumatına əsasən, konsert Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirilib.
Konsertin əvvəlində xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək V Qəbələ Beynəlxalq Musiqi Festivalının uğurla davam etməsindən danışıb.
Xalq artisti bildirib ki, festival çərçivəsində konsertlərdən birinin artıq ikinci ildir ki, Azərbaycanın dilbər guşələrindən biri olan Qax rayonunda keçirilməsindən böyük şərəf duyur.
F.Bədəlbəyli konsertin fəxri qonaqları sırasında ABŞ-da yaşayan tanınmış pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, professor Oksana Yablonskaya və digər tanınmış musiqiçilər olduğunu diqqətə çatdırıb.
Konsertdə Müslim Maqomayevin “Azərbaycan”, Soltan Hacıbəyovun “Skerso”, Fikrət Əmirovun “Nizami simfoniyası”, Niyazinin “Arzu”, E.Qriqin “Holberq dövründən” süitası, Ernesto de Kurtisin “Sorentoya qayıt” və digər əsərlər, habelə Azərbaycan xalq mahnıları ifa olunub.