Avqustun 3-də 2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, II qrup üzrə imtahanlarda iştirak etmək üçün 23052 abituriyent ərizə təqdim edib, onlardan 20544 nəfəri Azərbaycan bölməsinin, 2508 nəfəri isə rus bölməsinin məzunudur.
M.Abbaszadə qeyd edib ki, abituriyentlərin 14566 nəfərini oğlanlar, 8486 nəfərini isə qızlar təşkil edir.
TQDK sədrinin sözlərinə görə, 14265 nəfər orta ümumi təhsil məktəblərinin builki məzunlarıdır, 7388 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən şəxslərdir:
“Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 123 abituriyent xarici ölkələrin vətəndaşıdır. Onlardan 97-si ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1302 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1956-cı il, ən gənc abituriyent isə 1998-ci il təvəllüdlüdür”.
Qeyd edək ki, II ixtisas qrupu üzrə imtahanın nəticələri imtahandan sonra TQDK-nın rəsmi saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə həmçinin, mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
Xatırladaq ki, bütün qruplar üzrə ixtisas seçimi avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.