Radikal müxalifətin təmsil olunduğu, daha doğrusu, ambisiyalı insanların zorla bir araya gətirildiyi Milli Şuranın “Tbilisi projesi” də gözlənildiyi kimi fiaskoya uğradı.
Milli Şura üzvlərinin bu qurumun prezidentliyə namizəd irəli sürdüyü Rüstəm İbrahimbəyovla Gürcüstan paytaxtında reallaşan görüşü də həmin düşərgənin seçkilərə hələ rəsmi start verilməzdən öncə acı məğlubiyyətini ortaya qoymuş oldu.
Bu fikirləri ERtv-yə açıqlamasında millət vəkili Jalə Əliyeva dilə gətirib.
Millət vəkilinin dediyinə görə, Milli Şura adlı qurum yaradılmazdan əvvəl və təsis ediləndən sonra onunla bağlı verilən proqnozlar artıq özünü doğrultmaqdadır.
J.Əliyeva bildirib ki, bir çox həmkarları kimi o da amorf, qeyri-ciddi mahiyyət daşıyan Milli Şuranın tezliklə iflasa uğrayacağını, bu qurumun heç bir perspektivi olmayacağını zaman-zaman öz mətbu açıqlamalarında səsləndirib və son Tbilisi görüşü öncəsi və ondan sonra həmin təşkilat ətrafında yaşananlar səsləndirdiyi fikirlərin bir daha əyani sübutudur:
“Onsuz da bu təşkilatın - Milli Şuranın radikal müxalifətin zaman-zaman yaratdığı digər təşkilatlar kimi, tezliklə sıradan çıxacağı hamıya, elə Milli Şura üzvlərinin özlərinə belə məlum idi. Hətta, həmin Şurada təmsil bir sıra şəxslər və “ehtiyat”da saxlanan bəzi siyasilər özləri də bu təşkilatın perspektivsiz olacağını, vahid namizəd kimi irəli sürülən Rüstəm İbrahimbəyovun onlara-müxalifətə heç bir uğur gətirməyəcəyini açıq və gizli şəkildə dilə gətirirdilər.
Buna elə Müsavata və Müsavat başqanına yaxınlığı ilə seçilən Pənah Hüseynin, o cümlədən, Rauf Arifoğlunun, onun qardaşının, Arif Hacılının, Mehriban Vəzirin, bütövlükdə “Yeni Müsavat” qəzetinin sərgilədiyi mövqeni nümunə kimi göstərmək olar”.
Millət vəkilinin bildirdiyinə görə, artıq göründüyü kimi, Tbilisi görüşü başa çatar-çatmaz Müsavata və onun başqanına yaxın olan dairələrdə, mətbu orqanlarında Milli Şura, onun prezidentliyə namizədi R.İbrahimbəyov ilə bağlı növbəti sərt tənqidi fikirlər, mövqelər ortaya qoyulmaqdadır:
“Bu, bir daha onu göstərir ki, bizim Milli Şura və onun vahid namizədi ilə bağlı dediklərimiz nə qədər həqiqəti və reallığı əks etdirirmiş. Bu, eyni zamanda onu göstərir və sübut edir ki, bir-birinə güzəştə getməyi ağlının ucundan belə keçirməyən ambisiyalı, iddialı radikal müxalifət liderləri heç zaman sonadək bir araya gələ və vahid məqsəd uğrunda mübarizə apara bilməzlər.
Bu, mümkün deyil və bu gedişlə heç zaman da mümkün olmayacaq. Son olaraq bir daha əvvəlki fikrimin üzərinə qayıdaraq onu vurğulamaq və altını cızaraq bildirmək istəyirəm ki, Milli Şuradakı bəzi insanlar tərəfindən müəyyən ümidlər bəslənilən Tbilisi görüşü də həmin insanlar üçün gözlənilən nəticəni vermədi, əksinə, seçkilərə hələ rəsmən başlanmazdan əvvəl radikal müxalifətin növbəti dəfə acı məğlubiyyətini ortaya qoydu, fiaskosunu qaçılmaz etdi”.