Müxalifət düşərgəsindəki rəqibləri də Milli Şurada baş verən son gəlişmələri tənqid ediblər.
ERtv xəbər verir ki, Ümid Partiyasının sədri, parlamentin deputatı İqbal Ağazadə “Yeni Müsavat” qəzetinə müsahibəsində Rüstəm İbrahimbəyovun Azərbaycana qayıdışının təxirə düşməsini və Milli Şuranın fəaliyyətini neqativ qiymətləndirib.
İ.Ağazadə öncə R.İbrahimbəyovun qayıdışına dair davamlı anonsların daha sonra başqa qərarla əvəzlənməsinin qeyri-ciddilik kimi dəyərləndirib:
“Bu qədər təşkilatın vahid namizədinin seçkiyə verə biləcəyi qatqı nəticə etibarı ilə proseslərdə çox ciddi dönüş yarada və yeni bir mərhələnin başlanğıcı ola bilərdi. Amma iyulun 24-25-də səslənən bəyanatlar, bir qədər sonrakı bəyanat - “saat 12 aviareysi ilə Tiflisdən Bakıya gəlirəm” bəyanatından sonra “Milli Şura yığışdı bu qərarı verdi”, ismarışı mənə qeyri-ciddi gəlir”.
Partiya sədri Milli Şuranın prezidentliyə namizədi R.İbrahimbəyovun seçkilərdə iştirakını əngəlləyən hüquqi problemlərə əsas yaratmasını onun siyasətçi olmaması ilə əlaqələndirib:
“Milli Şura seçdiyi liderini Azərbaycana gətirə bilmir, onunla Azərbaycanda görüşə bilmir. İndi mənə məntiqlə izah etsinlər: deyir ki, “Məni Azərbaycandan buraxmayacaqlar və vətəndaşlıq məsələlərim həll olunmayacaq. Biz bu qənaətə gəlmişik və buna görə də gəlmədim”. Əvvəlcədən bunları düşünmək olmazdımı? Əvvəlcədən bu prosesləri normal şəkildə dəyərləndirib, ciddi qərar vermək olmazdımı?
Bütün bunları ona görə deyirəm ki, bu cür arqumentlər dayanıqsız və bir qədər də qeyri-ciddi təsiri bağışlayır. Müsahibələrimin birində demişdim ki, bu gün Rüstəm müəllimdə qətiyyən günah görmürəm. Rüstəm müəllim siyasətçi deyil.
Bu gün Azərbaycanda siyasətin filmini çəkməyi siyasətdən heç bilməyən Rüstəm müəllimə həvalə edib Azərbaycanın qos-qoca siyasətçiləri, Azərbaycan xalq hərəkatında iştirak edənlər.
Və nəticə - hökmən film belə bərbad alınacaqdı. Eynilə “Bəyin oğurlanması”nda deyilən kimi. Deyir bu ssenari zay ssenaridir. O biri də deyir ki, əşşi, bunu götürəndə biləydin də. Əvvəlcədən adamlar bilməli idi, hara və niyə gedirlər”.
İ.Ağazadə müxalifətin indiki əlverişsiz vəziyyətə düşməsinin səbəbini də Milli Şuranın yanlış fəaliyyəti ilə əlaqələndirib:
“Buna görə də bu istiqamətdə Milli Şuranın böyük səhvləri və yanlışlıqları var. Əslində müxalifət içərisində çox tez-tez belə fikir səslənir ki, mən müxalifətin babasıyam, anasıyam, əsas güc mənim üzərimdədir.
Kim bunu düşünürsə, məsuliyyəti götürsün üzərinə ki, ölkənin bu səviyyədə olmasının, bu vəziyyətə düşməsinin də əsas günahkarı odur. Nə qədər mən böyüyəmsə, günah o qədər mənim üzərimə düşür.
Bu gün Milli Şuranı müxalifətin tək ünvanı hesab edənlər, oraya üzv olmayanları satqın elan edənlər düşünsün, bu vəziyyətdə ölkənin mənafeyinə zərbə vuranlar da o dərəcədə onlardır, o dinamikliyi qoymayanlardır.
Biz təklif etmişdik ki, Rüstəm İbrahimbəyov variantını kənara qoyun. Səkkiz partiya, Ziyalılar Forumu və digərləri birləşək, öz aramızda namizəd müəyyən edək.
Biz namizəd olmuruq, “Qarabağ” bloku olaraq ən böyük addım atırıq. Namizədimizi müəyyənləşdirək və ölkə daxilində mübarizə aparaq.
Dedilər ki, Rüstəm İbrahimbəyovsuz birlik mümkün deyil. Buyurun! Onun acı nəticələrini indi yaşayırıq”.