İyulun 24-də Qəbələdə start götürən V Beynəlxalq Musiqi Festivalı davam edir.
ERtv xəbər verir ki, festivalın iştirakçısı, “Northern Simfonia” konsert salonunun bədii rəhbəri, Torino Filarmoniyasının baş dirijoru, fransalı Con Bernard Pommier öz təəssüratlarını paylaşıb:
“Sehrli ölkədə, gözəl məkanda yenidən olduğum üçün çox şadam. Burada yenidən olmaqdan çox məmnunam. Dostlarla yenidən görüşmək, onlarla birlikdə olmaq insana xüsusi zövq verir. Biz artıq bir musiqi ailəsiyik. Bu, məni sözün həqiqi mənasında xoşbəxt edir.
Mən Qəbələyə həyat yoldaşımla gəlmişəm. Həyat yoldaşım Olqa Martinova festival günlərində Dmitri Yablonski ilə eyni səhnəni bölüşəcək. Qəbələ qeyri-adi və gözəl məkandır.
Yerusəlim Simfonik Orkestri ilə çıxış etmək mənim üçün çox sevindirici haldır. Qəbələnin təbiəti möhtəşəmdir. Bu gün səhər şəhər ətrafında gəzintiyə çıxdım. İnsanların mehribanlığı və qonaqpərvərliyi məni heyran etdi”.
Azərbaycana ilk dəfə bir neçə il əvvəl səfər etdiyini bildirən Con Bernard Pommier ötən müddət ərzində Azərbaycanın sürətlə inkişaf etdiyini deyib.
Qəbələ festivalı 2009-cu ildən ənənəvi olaraq keçirilir. Müxtəlif ölkələrdən tanınmış ifaçıları, məşhur kollektivlərini bir araya gətirən musiqi bayramı bu il beşinci dəfə baş tutur.
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən digər mədəniyyət layihələri kimi, Qəbələ festivalı da beynəlxalq sənət aləmində geniş rezonans doğurur. Bu festival sayəsində qədim Qəbələ dünyanın musiqi xəritəsində özünəməxsus yer qazanıb.