Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov I ixtisas qrupu üzrə test imtahanlarında ən yüksək nəticə göstərərək 695 bal toplamış iki abituriyenti və onların valideynlərini qəbul edib.
ERtv-nin məlumatına görə, rektor Binəqədi rayonu 244 nömrəli məktəbin məzunu Sevinc Sakit qızı Qafarlıya və Nərimanov rayonu 45 nömrəli məktəbin məzunu Zümrüd Yunis qızı Nəbiyevaya, eləcə də onların valideynlərinə Bakı Ali Neft Məktəbinə göstərdikləri marağa görə minnətdarlığını bildirib.
Abituriyentlərə ali təhsil müəssisəsinin yaranma tarixi, onun qarşısında duran vəzifələr, təhsil ocağında həyata keçirilən tədris proqramlarının özəlliklərindən danışan E.Qasımov ali məktəbdə yaradılmış infrastruktur, tədrisin təşkili haqqında ətraflı məlumatlar verib, ali məktəbin inkişaf perspektivlərini açıqlayıb.
Görüşün sonunda abituriyentlərə iPad hədiyyə edən rektor, gələcək təhsillərində onlara uğurlar arzulayıb.
Abituriyentlər və valideynləri göstərdiyi diqqət və qayğıya görə rektora minnətdarlıqlarını bildiriblər.