2014-cü ilin may ayında tikintisinin başa çatdırılması planlaşdırılan “Bənövşəyi xətt”in iki stansiyası- “Memar Əcəmi 2” və “Avtovağzal” stansiyaları üçün yeni qatarlar alınacaq.
Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə ERtv-yə bildirib ki, hələlik bu iki stansiya üçün dörd qatarın alınması nəzərdə tutulub.
Onun sözlərinə görə, yeddi vaqondan ibarət olan bu qatarlar Rusiyanın “Mtışi” zavodunun qatarları olacaq.
F.Tağızadə qatarların alınması üçün artıq zavodla danışıqlara başlandığını sözlərinə əlavə edib:
“Qatarların alınması böyük problem deyil. Bunun üçün dövlət tərəfindən investisiya ayrılır. Bu iki stansiyada tikintini may ayında başa çatdırmağa çalışacağıq, qatarlar da elə həmin vaxt gətiriləcək. Hələlik bu qatarlar iki stansiya arasında hərəkət edəcək”.
Baş mühəndis qeyd edib ki, 2016-ci ilə isə qatarların sayının artırılması nəzərdə tutulub. Onun sözlərinə görə, həmin vaxt təxminən 12 qatarın alınması planlaşdırılır.