Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində cari ilin birinci yarısının yekunlarına həsr edilmiş səyyar kollegiya iclasları keçirilib.
ERtv-nin məlumatına görə, nazir Yavər Camalovun sədrliyi ilə keçirilən iclaslarda nazirliyin birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.
Bildirilib ki, aparılan məqsədyönlü işlər nəticəsində nazirliyin müəssisələrində müvafiq proqramlar əsasında müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün yeni istehsal sahələrinin yaradılması işləri davam etdirilib.
Hesabat dövründə 2013-cü il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məmulatlar istehsal edilərək sifarişçilərə təhvil verilib. Eyni zamanda mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.
Məlumata görə, cari ilin birinci yarısında nazirliyin müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 86,4 faizini müdafiə və xüsusi təyinatlı, 13,6 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 750-ni ötüb.
Cari ilin İstehsal Proqramına uyğun olaraq nazirliyin müəssisələri tərəfindən yaradılma üzrə 70 mövzunu və 208 mərhələni əhatə edən elmi-tədqiqat və təcrübi konstruktor işlərinə başlanılıb. Elmi-Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 11 mövzu üzrə elmi tədqiqat və təcrübi konstruktor işləri uğurla davam etdirilir.
Cari ildə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində iki yeni istehsal sahəsinin - “Şərq” İstehsalat Birliyinin “Telemexanika” zavodunda iriçaplı patronların istehsalı və “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunda döyüş sursatlarının utilizasiya mərkəzlərinin açılışları olub. 2013-cü ildə təhvil verilməsi nəzərdə tutulan digər yeni istehsal sahələrində isə son tamamlanma işləri aparılır.
Kollegiyada qeyd olunub ki, nazirliyin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar mütəmadi olaraq beynəlxalq sərgilərdə nümayiş etdirilir.
İlk dəfə 27 adda müdafiə təyinatlı məmulatla beynəlxalq sərgiyə qatılan Müdafiə Sənayesi Nazirliyi cari ilin may ayında Türkiyədə keçirilən “İDEF-2013” sərgisində 130 adda məmulatla təmsil olunub. Ötən sərgilərdə olduğu kimi, “İDEF-2013” sərgisində də nazirliyin nümayiş etdirdiyi məmulatlar böyük maraqla qarşılanıb.