Salyan rayonunda 1 nəfərin ölümü, 2 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol qəzası baş verib.
Salyan Rayon Polis Şöbəsindən ERtv-niın bölgə müxbirinə verilən məlumata görə, qəza hadisəsi Salyan-Şirvan avtomobil yolunun Salyanın Yolüstü kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 50 yaşlı Zaur Mirzəxan oğlu Cəfərovun idarə etdiyi “VAZ-2106” markalı minik maşını hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə “Jiquli” yolun kənarında betondan inşa edilmiş kəndin adı olan sütuna çırpılıb.
Zərbə güclü olduğundan avtomobil ciddi zədələnərək tam sıradan çıxıb.
Hadisə zamanı sürücü də daxil olmaqla Salyan rayon sakini, 24 yaşlı Şamil Mirzəxan oğlu Cəfərov və Şirvan sakini 46 yaşlı İlham İslam oğlu Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına aparılıb.
“Jiquli”nin sürücüsü Zaur Cəfərov yolda dünyasını dəyişib. Digər yaralılar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib.
Qəzaya səbəb sürücünün sürət həddini aşması ehtimal olunur.
Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.