Mətbuat tərəfsiz olmalıdır.
ERtv-nin məlumatına görə, bunu Prezident Administrasiyası (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyaları (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, heç bir demokratik cəmiyyəti mətbuatsız, siyasi plüralizmsiz təsəvvür etmək mümkün deyil:
“Ancaq mətbuat təkcə seçkilərdə deyil, hər zaman öz tərəfsiz mövqeyini ortaya qoymalıdır. Mətbuat insanların seçiminin və ümumi dünyagörüşünün formalaşmasına təsir göstərir. Mətbuat hakimiyyətin də, iqtidara opponentlik edənlərin də fəaliyyətinə qiymət verməyə zəmin yaradır”.
Mətbuat sahəsində Azərbaycan nümunəsinə toxunan PA rəsmisi 1998-ci ilin avqustunda senzuranın aradan qaldırıldığını, Mətbuat və İnformasiya Nazirliyinin isə 2000-ci ildə ləğv edildiyini bildirib.
O qeyd edib ki, kimin nə deməsindən asılı olmayaraq, Azərbaycanda tam, azad mətbuat formalaşıb:
“Bu günə kimi medianın inkişafı ilə bağlı dövlət tərəfindən davamlı tədbirlər həyata keçirilib. Müxtəlif illərdə sərəncamlar verilib, sosial problemlər həll edilib.
O qədər tədbirlər görülüb ki, dünyanın heç bir yerində buna rast gəlmək mümkün deyil. Elə götürək sonuncu məsələni, 156 jurnalistə ev verilməsi bunun sübutudur. Azərbaycan hakimiyyətinin mətbuatdan gizlədəcəyi, çəkinəcəyi heç nəyi yoxdur. Azərbaycan bu gün dünyanın demokratik, azad dövlətlərindən biridir. Bunun da kökündə azad mətbuat dayanır.
Yadınızdadırsa, vaxtilə jurnalistlər hansı təzyiqlər göstərilirdi, jurnalistlər döyülür, maşının yük yerinə basılaraq təzyiq edilir, onların çap etdirdiyi qəzetin nüsxələri həmin jurnalistə qarşı təhqir vasitəsi kimi istifadə olunurdu. Hətta, indi prezidentliyə namizəd olmaq istəyənlərdən biri də deyir ki, hakimiyyətə gələcəyi təqdirdə, onun haqqında yazan jurnalistlərin ağzından vuracaq.
Ancaq bu günə kimi Azərbaycan dövlət başçısının bir dəfə də ifadəsində jurnalistləri təhqir edəcək bir sözə rast gəlinməyib”.