İdman jurnalistləri klublara və AFFA-ya xəbərdarlıq etdi.
ERtv xəbər verir ki, bəyanatda Azərbaycan Premyer-Liqası, ölkə kuboku, istənilən daxili və beynəlxalq digər yarışlarda mühafizə xidmətinin təşkili məsələsində ciddi qüsurların olduğu qeyd edilib.
“Jurnalistlərin peşə fəaliyyətinə mane olan, onu pozmağa yönələn hərəkətlər artıq kütləvi hal alıb. Qol gücünə, hərbə-zorba gəlməklə nəyəsə nail olmağa, özlərini göstərməyə çalışan mühafizə işçilərinin davranışı bezdirici səviyyəyə çatıb.
Hər dəfə yeni qayda icad edərək “o olmaz, bu olmaz” deməklə işimizi lazımınca yerinə yetirməyə, akkreditasiya qaydalarına uyğun olaraq hərəkətlərə məhəl qoymayan bu şəxslərlə bağlı tədbir görülməsinin vaxtıdı. Bu səbəbdən də...
Azərbaycan idman jurnalistləri olaraq bu tərbiyəsizliyin qarşısının alınmasını, ciddi addımların atılmasını tələb edirik!” – deyə, idman jurnalistləri bildirib.
Qeyd edilib ki, bu, klublar və AFFA-ya birinci və sonuncu xəbərdarlıqdır.
“Xüsusilə də klublar (hələ ki, ad çəkməyə ehtiyac yoxdur) bu işdə “fərqlənərək”, işçilərinə həddindən artıq “səlahiyyət” veriblər. Gücə gəlincə, biz də mumdan deyilik! Ancaq hər şeyin sivil həlli yolu var və demokratik qanunlarla idarə olunan dövlət qurmaq istəyən hakimiyyətimizin bu çalışmalarına qarşı çıxmaq lazım deyil.
Onsuz da bərbad olan futbol sistemimizdə daha bir problemin yaranmasını istəmirik. İşimizi lazımlı səviyyədə görməyimiz, bizdən çox sizə lazımdı, cənablar!
Bu bacarıqsız, işinin nədən ibarət olduğunu bilməyən adamlarınızı təlimatlandırmanızı, onlara mətbuat nümayəndələriylə davranış qaydalarını öyrətməyinizi tələb edirik. Bir daha təkrar edirik, bu bir xahiş yox, tələbdir!” – deyə, bəyanatın sonunda sərt ifadələr işlənilib.
Hazırda klubların və AFFA rəsmilərinin bu bəyanata hansı reaksiya verəcəyi maraqla gözlənilir.