“Baku Cup 2013” turniri başa çatdı.
ERtv xəbər verir ki, 22-28 iyul tarixlərində Bakıda üçüncü WTA seriyalı qadın tennisçilərin beynəlxalq “Baku Cup” tennis turniri keçirildi.
Şəxsi yarışlarda finalda dünya reytinqində 71-ci olan 18 yaşlı ukraynalı tennisçi Elina Svitolina ilə reytinqdə 149-cu olan 26 yaşlı israilli tennisçi Şayar Peyer qarşılaşdı.
Svitolina finala qədər ardıcıl olaraq Aleksandra Kruniç (2-1), Nastasya Barnett (2-0), Donna Vekiç (2-0) və Aleksandra Kadantsu (2-0) üzərində qələbə qazanmışdı.
Peyer isə İlona Kremen (2-1), Şanel Skipers (2-1), Tadeya Mayeriç (2-1) və Maqda Linetteni (2-0) mübarizədən kənarlaşdırmışdı.
Maraqlı mübarizə şəraitində keçən matçın ilk setində ukraynalı tennisçi rahat oyun nümayiş etdirirdi. Bir ara hesabda 5:1 önə keçən Svitolina rəqibinə göz dağı verirdi. Sonradan 3 oyunu öz xeyrinə başa vuraraq hesabı 4:5 edən Peyerin bundan artığına gücü çatmadı. Nəticədən daha bir oyun qazanan Svitolina ilk seti (6:4) qalib başa vurdu.
Başabaş keçən ikinci setdə rəqiblər hər xal uğrunda sona qədər mübarizə aparırdılar. Ardıcıl 8 oyunda öz servisini qazanan hər iki tennisçi hesabı 4:4-ə gətirdi. 9-cu oyunda rəqibinin servisini qıraraq hesabda 5:4 önə keçən Svitolina üçün çempionluq daha da yaxınlaşdı.
Bu fürsətdən yaxşı istifadə edən ukraynalı tennisçi öz servisini də qazanaraq seti 6:4, matçı da 2-0 hesabı ilə qalib başa vurdu.
Bununla da “Baku Cup 2013” turnirini çempion kimi başa vurdu. Bu 18 yaşlı tennisçinin karyerası ərzində qazanmış olduğu ilk titul kimi də yaddaşlara yazıldı.
Məlumat üçün bildirək ki, Elina Svitolina və Şayar Peyer daha öncə “Şenzen” turnirində də üz-üzə gəlmiş və Svitolina 2-0 (6:1, 6:3) qalib gəlmişdi.
Cütlüklərin final matçında Eleni Danilidou (Yun) / Aleksandra Kruniç (Ser) cütlüyü ilə İrina Buryaçok (Ukr) / Oksana Kalaşnikova (Gür) cütlüyü qarşılaşdı.
Danilidou / Kruniç cütlüyü böyük əzmkarlıq nümayiş etdirərək güclü rəqibləri qarşısında ilk seti 6:4 hesabı ilə öndə bitirdi. Lakin onların bundan artığına gücü çatmadı.
Sona qədər çəkişməli keçən ikinci setdə dönüş yaradan Buryaçok / Kalaşnikova cütlüyü 7:6 qalib gəldi və ümumi hesabı 1-1 etdi.
Matçın qalibinin müəyyənləşdiyi 3-cü və son setdə daha az səhvlə oynayan Buryaçok / Kalaşnikova cütlüyü 10:4 qalib gəldi və matçdan da 2-1 qələbə ilə ayrıldı.
Beləliklə, “Baku Cup 2013” turnirində cütlüklərin yarışında (doubles) İrina Buryaçok (Ukr) / Oksana Kalaşnikova (Gür) cütlüyü çempion oldular.
Məlumat üçün bildirək ki, İrina Buryaçok “Baku Cup 2012”də də cütlüklərin yarışında çempionluğa yiyələnmişdi.
Final matçında dərhal sonra mükafatlandırma mərasimi baş tutub. Mükafatı finalçılara “Baku Cup 2013” turnirinin direktoru Leyla Mesxi, WTA supervayzeri Çen Şu və Azərbaycan Tennis Federasiyasının baş katibi İlham Quliyev təqdim etdi.
Şəxsi yarışlarda qalib gələn Elina Svitolina (Ukr) 280, finalçı Şayar Peyer (İsr) isə 200 reytinq xalı əldə etdi.
Cütlərin yarışında çempion olan cütlük 280 reytinq xalı və 11 500 ABŞ dolları, 2-ci yerə çıxan cütlük isə 200 reytinq xal ilə yanaşı, 6 min ABŞ dolları qazandı.
Qeyd edək ki, turnirdə azərbaycanlı 15 yaşlı Nəzrin Cəfərova və 17 yaşlı Kamilla Fərhad təmsil edirdi. Lakin onlar ilk oyunlarında məğlub olaraq çıxışlarını dayandırmışdılar.