Arxeoloji qazıntı işləri zamanı Ağdamın Mirəşelli kəndində tapılan torpaq qəbir e.ə. XII-XI əsrlərə aiddir.
ERtv-nin Qarabağ üzrə bölgə müxbirinin verdiyi xəbərə görə, Ağdamın cəbhə xəttində yerləşən Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda aparılan arxeoloji qazıntı zamanı yeni materiallar tapılıb.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ ekspedisiyasının əməkdaşlarının ərazidə apardığı arxeoloji qazıntı zamanı “Palıdlı” nekropolunda e.ə. XII-XI əsrlərə aid torpaq qəbir aşkar edib. Heç bir yerüstü əlamətə malik olmayan qəbir yeniyetməyə məxsusdur.
Qarabağ ekspedisiyasının rəhbəri professor Hidayət Cəfərovun sözlərinə görə, torpaq qəbirdə ölü sağ tərəfi üstə bükülü vəziyyətdə, başı qərbə, ayaqları şərqə tərəf dəfn olunub.
Ətrafında müxtəlif tip keramika nümunələri – küplər və cam aşkar edilib. Qoşa qulplu küpün və camın üzəri çıxıntılı, həmçinin çərtmə üsulu ilə həndəsi naxışlarla örtülüdür.
Xocalı-Gədəbəy mədəniyyətinə aid bu tapıntılar qazıntı aparılan ərazidə son tunc və ilk dəmir dövründə davamlı yaşayış olduğunu, sənətkarlığın müxtəlif sahələrinin inkişafını təsdiqləyir.
Qeyd edək ki, “Palıdlı” nekropolunda tədqiqatlar 2009-cu ildən başlanıb. Heç bir yerüstü əlamətə malik olmayan nekroloqda indiyədək 20-dək qəbir açılıb. Hazırda “Palıdlı” nekropolunda tədqiqatlar davam edir.