Azərbaycanda kolleclərə (11 illik təhsil bazasında) qəbula dair jurnal nəşr olunub.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat veriblər.
Məlumata görə, 11 illik təhsil bazası üzrə kolleclərə ayrıca imtahan keçirilmir və qəbul yalnız ali məktəblərə keçirilmiş imtahanda toplanmış ballar əsasında müsabiqə yolu ilə həyata keçirilir.
Artıq 11 illik təhsil bazası üzrə qəbul qaydaları, qəbul elanı, qəbul aparılan ixtisasların siyahısı və digər zəruri məlumatlar qeyd olunan jurnalda təqdim olunub.
Jurnalda qeyd olunub ki, Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır. Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür.
I qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun I, II, III və ya IV qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər, II qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun I və ya IV qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər, III qrup ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinə tələbə qəbulunun III qrupu üzrə imtahanda iştirak edən və ümumi balı 100-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının seçimi avqustun 18-dən avqustun 22-dək internet vasitəsilə aparılır. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.