Misirin paytaxtı Qahirədə və digər şəhərlərdə yeni hökumət tərəfdarları və əleyhdarları kütləvi etiraz aksiyaları keçiriblər.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə məlumatı “əl-Cəzirə” telekanalının məlumatına görə, ölkənin müxtəlif bölgələrində baş tutan aksiyalara 30 milyondan artıq şəxs qatılıb.
Qahirənin Rabia meydanında sabiq prezident Məhəmməd Mursi tərəfdarlarına odlu silahdan atəş açılıb.
Nəticədə ən azı 200 nəfər ölüb, 700-ə yaxın adam xəsarət alıb. Xəsarət alanlardan bir çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna olunmur.
İskəndəriyyə şəhərində isə M.Mursi tərəfdarları və əleyhdarları arasında şiddətli qarşıdurmada 20 nəfər ölüb, 100-dən artıq şəxs xəsarət alıb. Onlardan 4-ü odlu silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Etirazçıların meydanlarda çadır qurmasına mane olmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.
Ölkənin müvəqqəti prezidenti Adli Mənsur etirazçıları meydanlardan geri çağıraraq onların təqib olunmayacağına dair vəd verib. Buna baxmayaraq, “Legitimliyə Dəstək Milli Koalisiyası” etirazların davam etdiriləcəyini bəyan edib. Koalisiya bildirib ki, qarşıdakı iki gün Misirin tarixində həlledici olacaq.
Digər tərəfdən, Misir məhkəməsi təhqiqatlar çərçivəsində Məhəmməd Mursinin 15 gün müddətinə həbs olunması barədə qərar verib. Bildirilib ki, M.Mursi həbsdən qaçmaqda, təcavüzkar əməllər törətməkdə, polis və hərbçilərin oğurlanması və öldürülməsində, məhbusların qaçmasına şərait yaratmaqda və “Həmas” təşkilatı ilə əməkdaşlıqda ittiham olunur.