İtaliya polisi mafiya ilə mübarizə çərçivəsində həyata keçirilən iki əməliyyatda 100 nəfəri həbs edib.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə İtaliya mətbuatı yazıb. Məlumata əsasən, təkcə paytaxt Romada qanunsuz fəaliyyətlə və mafioz strukturlarla ilə əlaqədə təqsirləndirilən 51 nəfər həbs edilib.
Reydlərdə 500 polis əməkdaşı iştirak edib. Bu, Roma tarixində mafiyaya qarşı həyata keçirilən ən irimiqyaslı əməliyyat hesab edilir.
Polis, eyni zamanda, cənubi Appenin və Kalabriya regionunda mafiya ilə əlaqədə şübhəli bilinən 65 nəfəri saxlayıb.
Həbs edilənlər arasında vəkillər, siyasətçilər, sahibkarlar, tibb işçiləri, polis əməkdaşları və həbsxana nəzarətçiləri də var. Onlar 2005-2011-ci illərdə törədilən qətllərdə ittiham edilirlər.
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin “Xalq Azadlığı” Partiyasının üzvü, senator Pyero Ayellonun da polis nəzarəti altında olduğu bildirilir.
Polis axtarış əməliyyatlarını davam etdirir.