2015-ci ilə qədər nəzərdə tutulan “Bakı Metropoliteninin Konseptual İnkişaf planı”nda Bakı kəndlərinə və Heydər Əliyev Beynəlxalq Aeroportuna metro çəkilişi nəzərdə tutulmayıb.
Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə ERtv-yə bildirib ki, həmin istiqamətdə ancaq “Həzi Aslanov” stansiyasından “Yeni Günəşli”, “Qaraçuxur”, “Bakıxanov” qəsəbələrinə metro çəkiləcək.
Baş mühəndis Bakı kəndlərinə və hava limanına metro çəkilişinin sərfəli olmadığını qeyd edib:
“Əvvəllər planda hava limanına metro çəkilişi var idi. Ancaq sonra plandan çıxarıldı. Hazırda hava limanına metro çəkilişinə lüzum yoxdur. Bizdə hava limanına elə böyük axın yoxdur ki, ora metro da işləsin. Koroğlu stansiyasından Hava limanına 10 dəqiqəyə istənilən maşınla, avtobusla getmək olur”.
F.Tağızadə gələcəkdə hava limanına başqa bir nəqliyyat vasitəsinin ola biləcəyini istisna etməyib:
“Ola bilər, gələcəkdə alternativ metro olsun. Hazırda planlaşdırılan stansiyaların tikintisi qurtarandan sonra hökumət qərar çıxarsa, onda ola bilər. Amma hal-hazırda təsdiq olunmuş perspektiv planda bu yoxdur”, - deyə, baş mühəndis əlavə edib.