Azərbaycanın ABŞ-dakı səfiri Ağ Evdə təşkil olunan iftar süfrəsində iştirak edib
27 iyul, 2013 13:22
İyulun 25-də Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov prezident Barak Obamanın dəvəti ilə Ağ Evdə təşkil edilən iftar süfrəsində iştirak edib.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib. Məlumata əsasən, iftarda diplomatik korpusların nümayəndələri, o cümlədən, müsəlman icmalarının təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən ABŞ prezidenti Barak Obama qeyd edib ki, onun ölkəsi müsəlman ölkələri və xalqları ilə dostluq münasibətlərini qoruyub saxlayır və cəmiyyətdə dini və etnik müxtəliflik yaradan ənənələrə hörmətlə yanaşır.
Qeyd edək ki, Azərbaycan daha əvvəl də ABŞ-ın dövlət katibi Con Kerrinin təşkil etdiyi iftar süfrəsində iştirak edib.