İsrailin beynəlxalq münasibətlər, strateji məsələlər və kəşfiyyat naziri Yuval Ştaynits bildirib ki, fələstinlilərlə qarşıdakı sülh danışıqlarında İsrail ərazi ilə bağlı ciddi güzəştlər etməyə hazırdır.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə Y.Ştaynits Londonda çıxan “Deyli teleqraf” qəzetinin 26 iyul nömrəsində dərc edilən müsahibəsində bildirib.
O deyib: “İsrail fələstinlilərlə sülhə nail olmaq məqsədilə çox ciddi ərazi güzəştlərinə gedə bilər. Lakin bunun üçün əsas şərtlərdən biri Fələstin dövlətinin hərbisizləşdirilməsidir”.
Nazir əlavə edib: “İki dövlətin mövcudluğunu nəzərdə tutan barışıq formulu yeganə mümkün variantdır. Son nəticədə biz bu qərarı qəbul edəcəyik, hərçənd, buna nail olmaq, çoxsaylı əngəllər səbəbindən çətin olacaq. Lakin başqa həll variantı yoxdur”.
Y.Ştaynits daha sonra qeyd edib: “Tərəflərin hər ikisi ciddi addımlar atmalı və onlar üçün asan olmayan güzəştlərə getməlidir. Yəqin ki, İsrail ərazi ilə bağlı güzəştlər etməyə məcbur olacaq. Fələstinlilər də öz növbəsində, İsrailin dövlətçiliyini tanımalı və qaçqınların öz yurdlarına qayıtması hüququndan imtina etməli olacaqlar”.
Fələstin dövlətinin Yerusəlimi öz paytaxtı elan etmək niyyətinə gəldikdə isə, qəzet yazır ki, Ştaynits bu məsələdə irəliləyişə nail olmağı əsla mümkün hesab etmir və “vəziyyət indiki kimi qalacaq”.
Qəzet yazır ki, danışıqlar aparan qrupların rəhbərlərinin üç illik fasilədən sonra ilk görüşü iyulun 30-da Vaşinqtonda olacaqdır.