Tunisdə müxalifətçi deputat qətlə yetirilib.
Tunisin böyük şəhərlərində əhali küçələrə axışaraq hökumətin istefasını və Milli Təsis Məclisinin buraxılmasını tələb ediblər.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə məlumatı “əl-Cəzirə” telekanalı yayıb. Məlumata əsasən, yüzlərlə vətəndaş Milli Həmkarlar İttifaqının qarşısında toplaşaraq müxalifçi deputat, Xalq Cərəyanı Partiyasının rəhbəri Məhəmməd Əl-Brahimiyə qarşı törədilən sui-qəsdə etiraz edib.
Təhlükəsizlik qüvvələri dövlət müəssisələrinə gedən yolları nəzarətə götürüblər.
Sidi-Buzid şəhərində etirazçılarla polis arasında qarşıdurma baş verib.
Nümayişçilər şəhərin bəzi küçələrində yanğınlar törədiblər. Aksiyaların dağıdılmasında gözyaşardıcı qazdan istifadə olunub.
Bundan əlavə, Milli Təsis Məclisində müxalifəti təmsil edən 3 deputat Əl-Brahiminin öldürülməsinə etiraz olaraq istefa verib.
Qeyd edək ki, deputatın ölümünə görə ölkədə matəm elan olunub.