On yaşlı oğlan çəkdiyi rəsmlərdən 1,5 milyon funt əldə edib.
ERtv-nin verdiyi xəbərə görə, bu balaca rəssam Böyük Britaniyada yaşayır. Balaca Mone (Oskar Klod Mone (1840—1926) — fransız rəssam, impressionizm cərəyanının yaradıcılarından biri) adlandırılan on yaşlı britaniyalı oğlan Kieron Vilyamson beş yaşından - ailəsi ilə birlikdə istirahətdə olarkən mənzərə şəkilləri çəkməyə başladığı vaxtdan şöhrət qazanıb.
Bu balaca oğlan ilk dəfə art-bazara 2009-cu ildə gəlib. Həmin vaxt qapalı hərracda onun 19 şəkildən ibarət kolleksiyası 14.000 funta satılıb. Kieron bu pula valideynləri üçün ev alıb, həmçinin rəssam L.S.Lourinin işlərinə müəyyən məbləğdə vəsait yatırıb.
2010-cu ildə balaca rəssamın ilk fərdi sərgisində yağlı boya, rəngli karandaşlar və sulu boya ilə çəkilmiş 33 işi nümayiş olunub.
Rəsmlər Arizona, Nyu-York və Cənubi Afrika Respublikasından olan alıcılara 30 dəqiqə ərzində 150.000 funta satılıb. 2011-ci ildə Kieron 10 dəqiqə 50 saniyəyə 106.260 funt qazanıb.
Keçən cümə günü keçirilən sonuncu satışlarda yeniyetmə rəssam işlərini 450.000 funta satıb. Bununla yanaşı, ilk 23 rəsm 20 dəqiqə ərzində 242.095 funta satılıb.
Karyerasına başladığı vaxtdan etibarən Kieron ailəsi üçün 1,5 milyon funt qazanmağa nail olub.
Sonuncu satışları təşkil edən qalereyanın meneceri Adrian Hill bildirib ki, Kieronun rəsmləri maraqlı və qeyri-adidir. Ötən illər ərzində yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər diqqəti cəlb edir.
Sonuncu hərracda alıcılar Böyük Britaniya, Avropa, Amerika, Yaponiya və Kanadadandır.
Kieron diqqətini rəsmlərə daha çox cəmləmək məqsədilə növbəti dərs ilində evdə təhsil alacaq. O, rəsm çəkməklə yanaşı, bütün balaca oğlanlar kimi futbol oynamağı da çox sevir.