Azərbaycan kimi müstəqillik yaşı çox olmayan ölkələrdə seçkilərdə qalib gəlmək, qələbə qazanmaq üçün imicmeykerdən, digər seçki texnogiyalarından istifadədən daha çox və ən vacib olanı xalqın dəstəyidir.
Bunu ERtv-yə açıqlamasında hakim partiyadan olan millət vəkili Məlahət İbrahimqızı dilə gətirib.
“İstənilən sayda, nə qədər imicmeyker gəlir-gəlsin, onlar nə edəcək, Milli Şuradakı insanların imicimi dəyişdiriləcək?”,- deyən millət vəkilinin sözlərinə görə, bu, mümkün olan məsələ deyil:
“İnsanlar 5 il, 7 il bundan qabaq da ortada olan siyasətçini məgər tanımırmı? Onu bir anın içində necə dəyişdirmək olar?
İmic elə bir günə, iki ay ərzindəmi dəyişilə bilər? Yox. Və yaxud da, məni artıq Azərbaycan cəmiyyəti Məlahət İbrahimqızı-Həsənova kimi tanıyır. Bundan sonra mən imicimi necə dəyişə bilərəm?”
Millət vəkili bu baxımdan hesab edir ki, imicmeykerlərdən, seçki texnologiyalarından istifadə ancaq seçki öncəsi olmamalı, bu, uzun bir dövr, bir neçə illər üçün aparılmalıdır.
“Yoxsa, seçkiyə iki ay qalmış imicmeykerləri yığın gətirin, deyin ki, mənim imicimi dəyişdirin və yaxud da necə deyərlər, seçki kampaniyalarında danışıq tərzimi dəyişin, bu, düzgün, mümkün və alınan məsələ deyil.
Mənə elə gəlir ki, bu Azərbaycan cəmiyyətində özünü doğrultmayan bir şeydir. Azərbaycan cəmiyyətində əsas xalqın dəstəyidir, sosial bazadır, seçici inamıdır”-deyə, M.İbrahimqızı sözlərinə əlavə edib.