Rəsul Quliyevlə Müsavatın söz savaşı getdikcə qızışır.
Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevin bir neçə gün öncə Müsavat başqanı İsa Qəmbər və onun rəhbəri olduğu təşkilatın ünvanına söylədiyi növbəti sərt üslublu aşağılayıcı ittihamlar müxalifət düşərgəsində, o cümlədən, hər iki şəxsin üzvü olduğu Milli Şurada, xüsusilə, eks-spikerlə Müsavat arasında münasibətlərin yenidən gərginləşməsinə, ziddiyyətlərin dərinləşməsinə, qarşılıqlı tənqid və təhqirlərin yenidən vüsət almasına səbəb olub.
ERtv xəbər verir ki, eks-spikerə ilk reaksiya hələ bir neçə gün əvvəl Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılıdan gəlib və xeyli sərt olub.
Müsavat rəsmisi R.Quliyevi “mafioz”, “həşərat” adlandırıb, həmçinin, onun ünvanına digər sərt ifadələrlə dolu xeyli ittihamlar yağdırıb.
Eks-spikerin ittihamlarına növbəti cavab reaksiyaları isə A.Hacılının qardaşlarından - Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli və Müsavat başqanının müavini Mustafa Hacıbəylidən gəlib.
M.Hacıbəyli APA-ya açıqlamasında R.Quliyevi bir daha “Dədə Qorqud” filmindəki Yalıncığa bənzədib.
O, eyni zamanda deyib ki, Müsavat R.Quliyevi müxalifət qarşısında etdiyi bütün səhvlərə rəğmən bağışlayıb.
“...Milli Şura daxilindən Müsavata hücumlar olacaqsa, bu hücumlara cavab veriləcək. Bəzənsə heç cavab verməyəcəyik. Çünki biz seçkiyə hazırlaşırıq və vaxtımız azdır. Mən Rəsul Quliyevi ”Dədə Qorqud" filmindəki Yalıncıq obrazına bənzətmişəm. Biz Rəsul Quliyevin müxalifət qarşısında etdiyi bütün səhvlərə rəğmən onu bağışlamışdıq.
Beyrəksayağı bir jestlə Rəsul Quliyevi bağışlamışdıq və onun Mili Şuraya gəlməsinə etiraz etməmişdik. Amma o, Milli Şuraya gələndən sonra yenə də ilk olaraq Müsavatı hədəfə aldı. Biz onun cavabını verdik və hesab edirik ki, o da cavabını aldı. Məsələnin mahiyyətinə varsaq, Rəsul Quliyev Azərbaycanın müstəqilliyinə səs verməyən bir adamdır. Bundan sonra ACP ilə hər hansı qarşıdurmaya getmək fikrində deyilik”, - deyə, M.Hacıbəyli sözlərinə əlavə edib.
Əhrar Partiyasının sədri V.Hacıbəyli də öz növbəsində qeyd edib ki, R. Quliyevin anti-Müsavat xarakterli açıqlamlarına ən tutarlı cavabı elə onun qardaşları verib.
“Bu, mənim üçün çox qürurvericidir. Müsavata və İsa Qəmbərə qarşı indiki həssas məqamda arxadan zərbə vuranlar öz mahiyyətlərini ortaya qoydular”, - deyə, o, bildirib.