İyulun 26-sı səhər növbəti bir qalmaqallı xəbər öz damğasını vurdu: bir çox informasiya vasitələrində faciə ilə yadda qalan “Nabran Holiday Village” istirahət zonasının əlindən alınan lisenziyasının geri qaytarılacağına dair məlumat yayıldı.
Mədəniyyət və Turizm Nazirliyi çərşənbə günü iyulun 21-də faciə baş vermiş “Nabran Holiday Village”nin lisenziyasını geri alıb. Lakin bu gün məlumat yayılıb ki, “Nabran Holiday Village”nin fəaliyyəti iki gündən sonra bərpa olunacaq.
ERtv-nin verdiyi xəbərə görə, bu barədə “Modern.az”a müsahibəsində mərkəzin icarədarı Firdovsi İsmayılov bildirib. Onun sözlərinə görə, iki yaşlı İmran Cəfərzadə ilə bağlı faciə uşağın atasının səhlənkarlığı səbəbindən baş verib - deyə “ANS Press” yazır.
Faciənin baş verməsindən sonra lisenziyanın yenidən “Nabran Holiday Village” istirahət zonasına qaytarılması mümkündürmü?
Biz bu suala cavab tapmaq üçün Mədəniyyət və Turizm Nazirliyinin sektor müdirinin müavini Rəhman Orucluya müraciət etdik. Onun sözlərinə görə, bəzi KİV-lər tərəfindən yayılan bu kimi məlumatlar təxribatdan başqa bir şey deyil.
“KİV yalan məlumat yayıb. Əlbəttə ki, “Nabran Holiday Village” geri götürülən lisenziyanı qaytarmağa hazırlaşmır. Eyni zamanda, icarədar bunu prokurorluqda ondan ifadə alınan zaman bildirib”, - deyə R.Oruclu qeyd edib.
“Nabran Holiday Village”nin hələ də, turist qəbul etməsi məsələsinə münasibət bildirən R.Oruclu qeyd edib ki, hazırda bu istirahət zonasında həqiqətən öz istəkləri ilə bir neçə istirahət edən şəxs var. Onların hamısı İmran Cəfərzadənin başına gələn faciəvi hadisə barədə məlumatlandırılıb:
“Dünən bütün günü “Nabran Holiday Village”də olmuşam. Orada həqiqətən insanlar istirahət edir. Onlar putyovka ilə gələn və hadisə baş verən zaman istirahətdə olan insanlardır. Biz onları təşvişə salmaq istəmədik. Əlbəttə ki, “Nabran Holiday Village”yə heç bir yeni turist gəlməyib”.
Xatırladaq ki, iki yaşlı İmran Cəfərzadə valideynlərinin müşayiəti ilə iyulun 26-da səhər tezdən Bakıdan Berlinə aparılıb. O, Azad Berlin Universiteti və Qumbolt adına universitetin birgə müəssisəsi olan “Charite Berlin” tibb mərkəzində müalicə olunacaq. Klinikada konsilium keçirildikdən sonra İmran 28 gün ərzində diaqnostika və müayinə olacaq. Eyni zamanda bu müddət ərzində uşaq 2-3 təcili əməliyyat keçirəcək.
Cəfərovlar ailəsinin 1news.az-a verdiyi xəbərə əsasən, bu günə qədər çəkilmiş bütün xərclər dövlət başçısının tapşırığı əsasında ödənilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alan iki yaşlı İmran Cəfərzadənin müalicəsini dövlət öz üzərinə götürüb.
İyulun 21-də Nabranda yerləşən “Nabran Holiday Village” akva parkındakı hovuzun nasos sistemi atasının və hovuzda çimən digər insanların gözləri qarşısında iki yaşlı İmran Cəfərzadəni sovuraraq özünə doğru çəkib.
Mərkəzi Klinik Xəstəxanasında İmranın sol ayağının remplantasiyası üçün əməliyyat keçirilib. Çətin əməliyyat 7 saat çəkib. Sağ ayağı xilas etmək mümkün olmayıb.
Rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda sözügedən cinayət işi Baş Prokurorluğun xüsusi nəzarətinə götürülüb. İstintaq davam edir.