Amerikalı neyrobioloq Robert Ferranteyə qarşı qətl hadisəsi törətmək üzrə ittiham irəli sürülüb.
ERtv RBK-ya istinadən xəbər verir ki, istintaqın fərziyyəsinə görə, Pittsburq Universitetinin alimi həyat yoldaşına öldürücü zəhər içirdib.
Alimin həyat yoldaşı Otomn Kleyn aprelin 17-də xəstəxanaya yerləşdirilib, 3 gündən sonra isə dünyasını dəyişib. Meyit yarılan zaman onun orqanizmində sianid aşkar edilib. Təhqiqat göstərib ki, zəhər qadının yatmamışdan qabaq qəbul etdiyi xüsusi içkiyə qatılıb.
İnsident polisdə mərhumun ərinə qarşı şübhələr oyadıb. Müəyyən edilib ki, faciədən iki gün əvvəl Ferrante sianid almaq üçün kredit kartı ilə ödəniş aparıb. O zəhəri elmi məqsədlərlə aldığını bildirsə də, alimin tədqiqatlarının heç birində sianidin tətbiqinə zərurətin olmadığı ortaya çıxıb.
Eyni zamanda, məlum olub ki, ər və arvad arasında fikir ayrılığı yaranıb. Hələ fevral ayında Kleyn dostlarına ayrılmaq niyyətində olduğunu bildirib. Arvadının kənarda sevgilisinin olmasından şübhələnən ər onu qısqanmağa başlayıb. Bunun qətlə səbəb ola biləcəyi ehtimal edilir.