Misirdə, inqilabı və dövləti müdafiə etmək üçün terrorizmə qarşı yönələn müharibə başlanıb.
Misir Ərəb Respublikasının müvəqqəti prezidentinin KİV üzrə müşaviri Əhməd əl-Müslimani bildirib ki, müvəqqəti prezident Ədli Mənsur ölkə rəhbərliyinin yüksək vəzifəli nümayəndələri ilə görüşdə daxili şəraiti və milli təhlükəsizlik sahəsində vəziyyəti müzakirə edib.
ERtv-nin verdiyi xəbərə görə, prezident dəftərxanası bütün misirlilərə müraciət edərək onları qarşıdan gələn cümə günü küçələrə çıxaraq, ölkədə inqilabi qayda-qanunu qoruyub saxlamaq naminə terrorçulara qarşı mübarizəni dəstəkləməyə çağırıb.
Qeyd edək ki, Misirin müdafiə naziri, hazırda baş nazirin birinci müavini vəzifəsini tutan Əbdül Fəttah əs-Sisi Misir xalqını orduya tam etimad göstərməyə və terrorizmə qarşı mübarizə aparmaq üçün ona qeyri-məhdud səlahiyyətlər verməyə çağırıb.
Ə.Müslimaninin sözlərinə görə, müdafiə naziri Əbdül Fəttah əs-Sisinin çağırışları qanuni inqilabın müdafiəsinə və dövlətin milli təhlükəsizliyinin təmin edilməsinə yönəlib.