Çempionlar Liqasının "Skenderbeu" - "Neftçi" oyununun slovakiyalı UEFA nümayəndəsi Riçard Havrillanı ağır cəza gözləyir.
ERtv xəbər verir ki, buna səbəb onun qarşılaşmanın start fitindən əvvəl Ağdamın işğalının ildönümü münasibətiylə 1 dəqiqəlik sükuta icazə verməsidir.
Məsələ ondadır ki, UEFA bu siyasi mövzulara həssas yanaşır və bu kimi faciə anımlarında yalnız qara sarğıya icazə verir. Ancaq oyundan əvvəl “Neftçi” rəhbərliyi 1 dəqiqəlik sükutun elan olunmasında israr edib.
Klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadənin UEFA nümayəndəsiylə danışıqları müsbət nəticələnib. Sükutdan əlavə, azarkeşlərə Korçe stadionunda faciəylə bağlı ingilis və alban dillərində məlumat verilib.
İndi bu razılığı verdiyinə görə Riçard Havrillanı ağır cəza gözləyir.
Qeyd edək ki, Havrilla “Neftçi” – “Şiroki Briyeq” oyununun baş hakimi olub. Hazırda Slovakiya Futbol Federasiyasının vitse-prezidentidir.