Biz evimizin yaxınlığında hotelin tikintisinə qarşı deyilik, amma otelin binamıza çox yaxın tikilməsinə etiraz edirik.
Bunu ERtv-yə Azadlıq prospekti 210 ünvanında (köhnə qayda ilə Azadlıq 116) yaşayış binalarının arasında otelin tikintisinə etiraz edən sakinlərdən biri - Xalidə Nərimanova deyib.
Onun sözlərinə görə, sözügedən ərazidə otelin ətrafdakı binalara çox yaxın tikilməsi həmin evlərin bünövrəsi üçün ciddi təhlükə yarada bilər:
“Bəzi KİV-lərdə qeyd olunub ki, bizim otelin tikintisinə etiraz etməkdə əsas məqsədimiz tikintini aparan şirkət tərəfindən bizim də evimizin satın alınmasını istəməyimizdir.
Bu, tamamilə yanlış məlumatdır. Sadəcə olaraq otelin tikintisi bizim evimizə çox yaxın ərazidə aparıldığı, eyni zamanda qazıntı işləri aparılarkən yerdən çoxlu qrunt suyu çıxdığı üçün hesab edirik ki, otelin tikintisi zamanı bizim binanın özülünə ciddi ziyan dəyə bilər.
Çünki İcra Hakimiyyətinin qərarına əsasən, tikinti aparılan ərazi ilə bizim evimiz arasında məsafə cəmi 5 metrdir ki, bu da çox azdır.
Aparılan qazıntı işlərindən sonra otelin bünövrəsi üçün qazılan xəndək qrunt suları ilə dolub. Yaxınlıqdakı 9 mərtəbəli binanın zirzəmisində də suyun səviyyəsi qalxıb.
Biz sadəcə olaraq istəyirik ki, otelin tikintisi bizim evimizdən bir qədər uzaqda aparılsın”.
X.Nərimanova sakinlərin etirazlarına baxmayaraq orada qızğın tikinti işinin getdiyini, ərazidəki iri gövdəli ağacın kəsildiyini, tikintiyə etiraz edənlərin isə fəhlələr tərəfindən təhdid edildiyini deyib:
“Tikintidə çalışan fəhlələr sakinlərə hədə-qorxu gələrək onları təhdid edirlər. Deyirlər ki, onsuz da Fövqəladə Hallar Nazirliyi icazə verib.
Buna görə də bəzi sakinlər tikintinin aparılmasına açıq-aşkar etiraz etməkdən çəkinirlər”.
Qeyd edək ki, Azadlıq prospekti 210 ünvanında (köhnə qayda ilə Azadlıq 116) yaşayış binalarının arasında otel tikintisi qalmaqala səbəb olub.
Sosial şəbəkələrdə həmin ərazidə yaşayan sakinlər bununla bağlı çoxlu sayda xəbərlər paylaşıblar.
Statuslarında sakinlər yaşayış binalarına düz bitişik halda otel tikintisinin düzgün olmadığını, həmin otelin fəaliyyətə başlayandan sonra sakinlərə narahatlıq yaradacağı barədə qeyd ediblər.
Problemin yarandığı ərazinin yerləşdiyi Nərimanov Rayon Təsərrüfatı İdarəsinin rəhbəri Hüseyn Cəfərov isə Gün.Az-a açıqlamasında bildirib ki, tikinti icazəli aparılır və otel istifadəyə veriləndən sonra onun ərazidə yaşayan sakinlərə maneəsi olmayacaq.