İki yaşlı İmran Cəfərzadə Azad Berlin universiteti və Qumbolt adına universitetin birgə müəssəsi olan “Charite Berlin” tibb mərkəzinə aparılacaq.
“Charite” Avropada ən nəhəng universitet tibb mərkəzlərindən biridir.
Tibb və fiziologiya sahəsində Nobel mükafatı alan alman alimlərin yarıdan çoxu burada oxuyub, işləyiblər.
Həkimlərin sözlərinə əsasən, uşağın vəziyyəti yaxşılaşır. Həkimlər İmranın ciyərlərindən bütün suyu çəkə biliblər.
“Charite Berlin” tibb mərkəzinin nümayəndələri ilə bütün lazımi danışıqlar və prosedurlar aparılıb.
Bir neçə saatdan sonra alman klinikasından təyyarə-ambulans (air ambulance) uçacaq. Bu təyyarə ilə İmran Almaniyaya çatdırılacaq.
Klinikada konsilium keçiriləcək. 28 gün ərzində diaqnostika və müayinə olacaq.
Elə bu vaxt ərzində də 2-3 təcili əməliyyatlar keçiriləcək.
1news.az-a Cəfərovlar ailəsinin verdiyi xəbərə əsasən, bu günə qədər çəkilmiş bütün xərclər dövlət başçısının tapşırığı əsasında ödənilib.
Prezident İlham Əliyevin təşəbbüsü ilə “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alan iki yaşlı İmran Cəfərzadənin müalicəsini dövlət öz üzərinə götürüb.
İyulun 21-də Nabranda yerləşən “Nabran Holiday Village” akva parkındakı hovuzun nasos sistemi atasının və hovuzda çimən digər insanların gözləri qarşısında iki yaşlı İmran Cəfərzadəni sovuraraq özünə doğru çəkib.
İyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda sözügedən cinayət işi Baş Prokurorluğun xüsusi nəzarətinə götürülüb. İstintaq davam edir.