Bu gündən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbuluna dair test imtahanları keçiriləcək.
Təhsil Nazirliyindən ERtv-yə verilən məlumata görə, avqustun 7-dək davam edəcək test imtahanlarının keçirilmə vaxtı barədə məlumat və iştirakçılar üçün “Yaddaş” hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə göndərilib.
Qeyd edək ki, bu gün Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisası üzrə imtahan keçiriləcək. Bu fənn üzrə 296 vakant yerə 2589 namizəd iştirak edir.
Test imtahanları hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək Azərbaycan Dövlət İqtisad Universitetinin Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 ünvanında yerləşən əsas korpusunda keçiriləcək.
Test imtahanına 1 saat vaxt verilir. Bu müddət ərzində namizəd ixtisas üzrə ümumi təhsil proqramını əhatə edən 25, məntiqdən, fənnin tədrisi metodikası və təlim strategiyalarının hər birindən 5 olmaqla, 35 sualı cavablandırmalıdır. İmtahan başa çatdıqdan sonra monitorda düzgün cavabların sayı qeyd olunur.
Məlumata görə, imtahanın gedişi videolentə alınacaq. Qaydaları pozan (mobil telefondan, əlavə vəsaitlərdən, başqasının monitorundan istifadə edən, imtahanın gedişinə mane olan) şəxslər imtahandan xaric olunacaq və nəticəsi ləğv ediləcək.
Test imtahanlarından uğurlu nəticə əldə edənlər üçün 12-16 avqust tarixlərində müsahibə təşkil olunacaq və onların şəxsi səhifəsinə bu barədə məlumat göndəriləcək. Müsahibə proqramı Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdirilib.
Qeyd edək ki, 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində ayrılmış 3286 vakant yerə 18782 nəfər ərizə ilə müraciət edib.