“Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində İmranın səhhəti ilə bağlı yalan məlumatlar yayılıb” - deyə uşağın bibisi Əzizə Baxşıyeva bildirib.
ERtv xəbər verir ki, onun sözlərinə görə, İmran Cəfərzadənin əməliyyat üçün nə zaman Almaniyaya göndəriləcəyi hələ məlum deyil.
“Hazırda hazırlıq və sənədlərin rəsmiləşdirilməsi işləri görülür. Lakin əməliyyatın məhz hansı klinikada aparılacağını biz hələ ki bilmirik. Buna baxmayaraq, internetdə vaxtaşırı bizim getmə vaxtımızla bağlı yalan informasiyalar yayılır” - deyə Ə.Baxşiyeva bildirib.
Bizim yola düşmə vaxtımızla yanaşı bəzi KİV-də həkimlərin uşağın kəsilən ayağını da xilas edəcəklərinə dair şayiələr yayılmaqdadır:
“Həkimlər bizə dedilər ki, ayaq həmişəlik itirilib. Mən bilmirəm nə üçün kimlərsə bu kimi informasiyaları yayır”.
Hazırda İmranın vəziyyəti sabitdir. Lakin o güclü ağrılardan hələ də əziyyət çəkir:
“Güclü ağrıkəsicilər də təsir göstərmir. Bütün bunları görmək çox çətindir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alan iki yaşlı İmran Cəfərzadənin müalicəsini dövlət öz üzərinə götürüb.
Xatırladaq ki, iyulun 21-də Nabranda yerləşən “Nabran Holiday Village” akva parkındakı hovuzun nasos sistemi atasının və hovuzda çimən digər insanların gözləri qarşısında iki yaşlı İmran Cəfərzadəni sovuraraq özünə doğru çəkib.
İyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadənin Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində xəsarət alaraq Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb, məhkəmə-tibbi ekspertizası təyin edilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 (əmək mühafizəsi qaydalarını pozma) və 314.2-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda sözügedən cinayət işi Baş Prokurorluğun xüsusi nəzarətinə götürülüb. İstintaq davam edir.