Bu gün müğənni, istedadlı teatr və kino aktyoru Vladmir Vısotskinin vəfatından 33 il ötür.
Vladimir Semyonoviç Vısotski 1938-ci ilin yanvar ayının 25-də Moskva şəhərində dünyaya göz açıb.
Onun uşaqlıq illəri müharibə dövrünə təsadüf edib. Vladimir 1947-ci ildən 1949-cu ilədək atası və analığı ilə Almaniyada yaşayıb, daha sonra isə Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə daxil olub. V.Vısotski Almaniyada fortepianoda ifa etməyi öyrənib.
V.Vısotski Tikinti Mühəndisləri Institutuna daxil olsa da, oranı tərk edib Moskva Bədii Akademik teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə qəbul olunub. 1960-cı ildə həmin şöbəni bitirən aktyor A.S.Puşkin adına Dram Teatrında fəaliyyətə başlayıb. O, 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında çalışıb.
O, "Qalileyin həyatı", "Hamlet","Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış edib. Hətta bir neçə tamaşada Vladimir Vısotskinin mahnıları səslənib. V.Vısotski ilk şeirlərini tələbəlik illərində yazmağa başlayıb.
1960c-ı ildə İza Jukova ilə evlənib. İki oğul övladı doğulub.
Onun həyatında çoxlu qadınlar olsa da, o təkcə birini – Marina Vladini böyük məhəbbətlə sevib. Hətta yeni yazdığı mahnıları Marinaya oxumaq üçün onu yuxudan oyatdığı vaxtlar olub.
Onun “Döymə” (Tatuirovka”) adlı ilk kitabı 1961-ci ildə çap olunub.
V.Vısotski 1959-cu ildən kinoya çəkilməyə başlayıb. O, 1960-cı ildən başlayaraq, mahnılarını gitarada ifa etməyə başlayıb. 1968-ci ildən Vısotskinin mahnıları mətbuatda ciddi tənqid edilib və SSRİ-də onun kitablarını, bir iki mahnı və şeirindən başqa, digər yazılarını çap etdirmək mümkün olmayıb.
V.Vısotski 70-ci illərin II yarısından başlayaraq, xarici ölkələrdə konsertlərlə çıxışlar edib. 1980-ci ilin 18 iyulunda "Hamlet" tamaşasından bir həftə sonra – iyulun 25-də 42 yaşında beyin iflicindən vəfat edib.
Ölümündən 1 il sonra onun “Əsəb” (“Nerv”) adlı kitabı SSRİ-də çap edilib.
Bu dahi aktyora və müğənniyə, saysız-hesabsız rəğbət və məhəbbətin sahibinə ölümündən sonra, 1987-ci ildə “Görüş yerini dəyişmək olmaz” filmindəki roluna görə SSRİ Dövlət mükafatı verilib.
Vladimir Vısotski “XX əsrin kumirləri” siyahısında Yuri Qaqarindən sonra ikinci yeri tutur. XXI əsrdə də onun mahnılarını dinləyənlər, onu sevənlər çoxdur.