Avqustun 4-də Tehranda İran İslam Respublikasının yeni seçilmiş prezidenti Həsən Ruhaninin andiçmə mərasimi keçiriləcək.
ERtv-nin Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, H.Ruhaninin mətbuat katibi Abbas Araqçı sözügedən məsələ ilə bağlı açıqlama verib.
O qeyd edib ki, inauqurasiyaya dünyanın bütün dövlətlərinin liderləri dəvət ediliblər. Lakin 2 ölkə bu siyahıda istisnalıq təşkil edir: ABŞ və İsrail.
Qeyd edək ki, H.Ruhani mötədil namizəd nüfuzuna malik olduğundan, qələbəni artıq prezident seçkilərinin birinci turunda təmin edib. Onu həm islahat tərəfdarları, həm də Mahmud Əhmədinejadın siyasətinin İrana zərər gətirdiyini düşünən praqmatiklər dəstəkləyiblər. Məhəmməd Hatəmi və Əli Əkbər Haşimi Rəfsəncani də seçkilərdə Ruhaniyə dəstək nümayiş etdiriblər.
İran konstitusiyasında qeyd olunduğuna görə, inauqurasiyadan sonra prezidentin hökuməti formalaşdırmaq üçün iki həftə vaxtı var. Lakin Tehrandan daxil olan son məlumata əsasən, yeni prezident hökumətin tərkibini inauqurasiya günü elan etmək fikrindədir.