İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Lerik rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
ERtv-nin nazirliyə istinadən verdiyi xəbərə görə, sahibkarlıq subyektlərindən kiçik cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, cır meşə meyvələrinin və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflər qəbul olunur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.